Untitled Document
Untitled Document "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.
Untitled Document
Ana səhifə
 
Untitled Document












Gəncə şəhər Mərkəzi Kitabxanası
 

CUMHURİYYƏTİN GƏNCƏ DÖVRÜ

Dahi Şeyx Nizaminin, qəhrəman Cavad xanın ruhunu yaşadan Gəncə şəhəri tarixən azadlıq, milli müstəqillik yolunda işıq saçan məşəl olmuşdur. XIX əsrin sonu, XX əsrin əvvələrində Azərbaycan tarixi-mədəni, sosial-siyasi inkişafına görə iki əsas mərkəzə -Bakı və Gəncə şəhərlərinə malik idi. Neft sənayesinin inkişafı ilə daha çox kosmopolit, politexnik mərkəz kimi formalaşan Bakıda siyasi proseslər əsasən ümumrusiya məcrasında, xüsusən onun sosial demokratiya hərəkatı ilə bağlı surətdə inkişaf edirdi. Sinfi maraqların milli maraqları üstələdiyi Bakı şəhərində Azər-baycanın milli qüvvələrinin səsi bəzən eşidilməz olaraq qalırdı. Milli ənənələrin daha üstün olduğu Gəncə isə etnik cəhətdən daha yekcins idi, eyni zamanda burada kifayət qədər milli ziyalı təbəqəsi var idi.
1905-ci ildə Gəncədə Yusif bəy və Həmid bəy Yusifbəyovlar, Ələkbər bəy Rəfibəyov, Ələsgər bəy Xasməmmədov kimi ziyalıların rəhbərliyi ilə “Türk Sosialist- Federalist İnqilab Komitə”si yaradıldı. Bu təşkilat Azərbaycana muxtariyyət və Rusiyanın federativ şəkildə qurulması ideyasını ortaya qoyan ilk siyasi qüvvə oldu. Birinci dünya müharibəsi başlandıqdan sonra, Azərbaycanın siyasi liderləri fəaliyyət dairələrini genişləndirərək, əsasən keçmiş difaiçilərdən ibarət olan yeni təşkilat –“Gəncə Milli Komitəsi” yaratdılar. Beləliklə, 1917-ci ildə çar monarxiyası yıxıldıqdan sonra, Azərbaycanda real hakimiyyətə malik iki qüvvə - Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti və milli qüvvələrdən ibarət Gəncə Milli Komitəsi mövcud idi. Nəsif bəy Yusifbəylinin rəhbərliyi ilə “Türk-Ədəmi-Mərkəziyyət” partiyası yaradıldı və Novruz bayramı günündə Gəncənin Şah Abbas məscidinin həyətində təşkil olunmuş izdihamlı mitinqdə partiyanın məramnaməsi bəyan edildi. Nəsif bəy Yusifbəylinin həmin mitinqdəki çıxışında ilk dəfə olaraq, Azərbaycanın muxtariyyəti siyasi bir tələb kimi ortaya qoyuldu.
Qafqaz müsəlmanlarının 1917-ci ildə Bakıda keçirilən qurultayında Gəncə liberalları bakılı müsavatçıları öz ideoloji platformaları ilə tanış etdilər və onları milli ideyanın konkret şəkildə -Azərbaycanın milli ərazi muxtariyyəti şəklində qoyulu-şunun perspektivliyinə inandıra bildilər. Beləliklə, Azərbaycanın gələcək siyasi perspektivləri barədə vahid mövqeyə malik olmaları, Gəncə və Bakı liderlərinin vahid siyasi təşkilatda birləşmələrinə zəmin yaratdı. 1917-ci ilin mayında keçirilən Ümumrusiya müsəlmanlarının qurultayı, onun yekun sənədi iyunda “Türk Ədəmi-Mərkəziyyət partiyası Müsavat” adlandırılan birləşmiş bir təşkilatın yaranması ilə nəticələndi. Yaradılan partiyanın, hər iki tərəfdən 4 nəfər olmaqla, 8 üzvdən ibarət mərkəzi komitəsi yaradıldı və birgə bəyannamə qəbul edildi. 1917-ci ilin oktyabrında partiyanın qurultayında qəbul edilmiş proqram Ədəmi-Mərkəziyyət prinsipləri əsasında tərtib edilmişdi. Təəssüf ki, bəzi məsələlərdəki fikir ayrılıqlarında mövqeləri razılaşdırmaq mümkün olmadı və bu fikir müxtəlifliyi sonralar AXC dövründə də özünü biruzə verirdi.
1918 - ci il mayın 28 - də Azərbaycan Xalq Cümhuriyyəti elan edilsə də, bütün Azərbaycanda, eləcə də Bakıda bolşevik - erməni alyansı at oynadırdı və Rəsul-zadənin dili ilə desək, «...böylə bir təhlükə qarşısında milləti müdafiə edəcək tək bir Gəncə qalmışdı». İyunun 16 -da hökumət Gəncə şəhərinə köçdü. Azərbaycan Xalq Cümhuriyyəti düz 3 ay Gəncədə fəaliyyət göstərdi. Yeni dövlətin ilk addım-ları məhz bu müqəddəs şəhərdə atıldı. Dövlət strukturlarının formalaşması məhz Gəncənin adı ilə bağlıdır.
Cümhuriyyətin Gəncə dövrü bir sıra mühüm hadisələrlə zəngindir. İlk müstəqil dövlət üç ay ərzində burada xalqın tələbi ilə bağlı yüzə yaxın qərar və qanun qəbul edib:
Məhz Gəncədə, ilk dəfə olaraq, milli bayrağımız başımızın üstündə yellənməyə başladı.
Məhz Gəncədə Azərbaycan dili dövlət dili elan edildi.
Məhz Gəncədə AXC-nin vətəndaşlığı haqda qərar qüvvəyə mindi. Məhz Gəncədə dahi Üzeyir bəyin başçılığı ilə «Azərbaycan» qəzeti işıq üzü gördü.
Gəncənin ulu adı özünə qaytarıldı, Karyaqin qəzası Cəbrayıl adlandırıldı, Zaqatala Azərbaycanla əbədi birləşdirildi.
Məhz Gəncədə dövlətin sosial – iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı.
Xarici siyasətdə mühüm işlər görüldü:
Daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradıldı.
Komissiya qısa bir vaxtda 36 cild və 3500 vərəqdən, 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimayyətinə çatdırmaq üçün konkret işlər gördü.
Sentyabrda keçiriləcək Paris Sülh Konfransında dünyanın böyük dövlətlərinin müstəqil Azərbaycanı dəstəkləməsi üçün lazımı işlər aparmaq məqsədilə, həmin dövlətlərə komissiyalar göndərildi.
Ən başlıcası, məhz Gəncədə Milli Ordumuzun təşkili sahəsində ilk addımlar atıldı:
Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün real işlər görüldü : hərbi nazirlik, hərbi zavod yaradıldı.
Hərbi mükəlləfiyyət haqda qərar qəbul edildi. Zabit kursları təşkil olundu. 26 iyun 1918-ci ildə isə, Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında «Əlahiddə Azərbaycan korpusu» yaradıldı. Bakı Sovetinin Gəncə üzərinə hücumunun qarşısı Azərbaycan – türk birləşmiş qoşunları tərəfindən alındı.
Sentyabrın 15-də isə həmin birləşmiş ordu, Bakı üzərinə hücum çəkərək, burada hakimiyyəti ələ keçirmiş «Sentrokaspiy diktaturası»nı darmadağın etdi və Bakını antiazərbaycan qüvvələrin əlindən xilas etdi.
Gəncədə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin idarəedici və qanunverici orqanları 17 sentyabr 1918-ci il tarixində Bakıya köçdü və Bakı şəhəri paytaxt elan edildi...

CUMHURİYYƏTİN GƏNCƏ LİDERLƏRİ


1918-ci il mayın 28-də dünyada ilk milli müstəqil müsəlman dövləti- Azərbaycan Xalq Cümhuriyyəti yarandı və Cümhuriyyət liderləri arasında neçə - neçə fədakar gəncəlinin adı da tarixə düşdü.

NƏSİB BƏY YUSİFBƏYLİ
(1871-1920)

Siyasi dövlət xadimi, publisist Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncədə doğulmuşdur. Orta təhsilini Gəncə gimnaziyasında almış, 1902-ci ildə Novorossiysk (Odessa) universitetinin hüquq fakültəsinə daxil olmuş, ancaq bitirməmişdir.
1905-07-ci illərdə Rusiyada baş verən inqilabi əhval – ruhiyyə ilə bağlı bu universitet müvəqqəti bağlanmışdı. 1907-ci ildə N. Yusifbəyli Krıma köçüb. “Tərcü-man” qəzeti ilə əməkdaşlıq edir. Özü baş rolda oynamaqla Azərbaycan dramaturq-larının əsərlərini burada səhnəyə qoyur. 1908-ci ildə İstanbula köçərək publisistik fəaliyyətlə məşğul olmaqla bərabər “Türk dərnəyi” cəmiyyətinin təşkili ilə məşğul olur. 1911-ci ildə N. Yusifbəyli Gəncəyə qayıdaraq “Molla Nəsrəddin” jurnalı və “Tərcüman” qəzetlərinə məqalələr göndərir, “Müsəlman xeyriyyə cəmiyyəti”, “Müsəlmanların maariflənməsi cəmiyyəti”, “Aktyorlar cəmiyyəti”nin fəaliyyətlə-rində iştirak edir. 1917-ci ildə N. Y. Yusifbəyli öz həmfikirlərilə Gəncədə “Milli fede-ralistlərin Türk partiyasını” yaradır. Partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətlər əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M. Ə. Rəsul-zadənin başçılığı ilə “Müsəlman demokratik müsavat partiyası” ilə birləşərək “Müsavat” adlandırılmağa başladı və öz proqramlarında millətçi - federalistlərin əsas tələbi Rusiyanın federativ qurulması saxlanıldı. M. Ə. Rəsulzadə partiyanın mərkəzi komitəsinin sədri seçildi. Gəncədə partiyanın rəhbəri N. Yusifbəyli oldu. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başladı. N. Yusifbəyli Zaqafqaziya seyminin üzvü, Zaqafqaziya federativ höku-mətində maarif naziri, 28 may 1918-ci ildən ADR hökümətində 1919-cu ilin martından 1920- ci ilin martına kimi Azərbaycan hökümətinin sədri olmuşdur.
1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulanda və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy Yusif oğlu Yusifbəyli Tiflisə getmək istəyir. 1920-ci il mayın əvvəllərində yolda quldurlar tərəfindən qətlə yetirilir.

FƏTƏLİ XAN XOYSKİ
(1875-1920 )

Ailəsi Gəncədə (o vaxt Yelizavetpol) yaşasa da, taleyin qismətindən Fətəli xan Xoyski 1875-ci il noyabrın 25-də Şəki şəhərində anadan olmuşdur. Gəncə klassik gimnaziyasını bitirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsində oxumağa başlayır. 1901-ci ildə ali təhsilli hüquqşünas kimi, Tiflis Məhkəmə Palatasının sərəncamına göndərilir. Əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə çalışır. 1907-ci il fevralın 20-də Fətəli xan Xoyski Yelizavetpol quberniyasından II Dövlət Duma-sına deputat seçilir.
1907-ci il iyunun 3-də Dumanın buraxılması haqda çar manifesti elan olundu və bundan sonra Fətəli xan Gəncəyə qayıdır. 1907-1913-cü illərdə Gəncə, 1913-1917-ci illərdə Bakı dairə məhkəmələrində andlı hakim kimi fəaliyyət göstərir. Həmin dövrdə Bakının ictimai, mədəni həyatında, burada fəaliyyət göstərən xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak edir. Fevral burjua inqilabından sonra Fətəli xan Xoyskinin siyasi fəaliyyətinin yeni, ən məhsuldar dövrü başlayır. O, 1917-ci il martın 27-də Milli Müsəlman Şurası müvəqqəti icrayyə komitəsinin üzvü seçilir. Apreldə isə, Bakıda çağırılan Ümumqafqaz müsəlmanlarının qurultayında fəal iştirak edərək, onun təşkilatçılarından biri olur. 1918-ci il fevralın 22-də Zaqafqaziya müstəqil federativ respublika elan olunduqda, Fətəli xan Xoyski bu respublikanın yeni təşkil edilən hökümətində Ədliyyə naziri vəzifəsini tutur. O, həm də fevralın 23-dən mayın 26-dək mövcud olan Zaqafqaziya Seymində iştirak edən Azərbaycan fraksiyasının 44 deputatından biri idi.
Zaqafqaziya seymi buraxıldıqdan sonra azərbaycanlı deputatlar 1918-ci il mayın 27-də özlərini Milli Şura elan edir və Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürürlər. Mayın 28-də, keçmiş Qafqaz canişinin iqamətgahında keçirdiyi birinci iclasında, Azərbaycan Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətini elan etmək haqda bəyannamə verir. Milli Şura bitərəf Fətəli xan Xoyskini yekdiliklə ilk Azərbaycan hökümətinin sədri seçir və ilk höküməti təşkil etmək ona həvalə olunur. Fətəli xan birinci hökümətdə Baş nazir vəzifəsi ilə yanaşı, Daxili İşlər naziri vəzifəsini də tutur. İkinci hökümətdə Baş nazir və Ədliyyə naziri, üçüncü hökümətdə isə Xarici İşlər naziri vəzifələrini icra edir.
AXC-nin fəaliyyəti dövründə də Fətəli xan Xoyski gənc Azərbaycan Respublikasının möhkəmlənməsi, müstəqilliyimizin dünya miqyasında tanınması üçün böyük işlər görmüşdür. O, hökümətin başlıca vəzifəsinin Azərbaycanın azadlığı, istiqlaliyyəti uğrunda mübarizə olduğunu dəfələrlə bəyan etmişdir.
1920-ci ilin aprelində Cümhuriyyət süqut etdi. Azərbaycanı işğal edən XI Qızıl Ordunun və onların nökərləri olan erməni daşnakların Cümhuriyyət rəhbərlərinə məhkəməsiz filansız divan tuttuğunu görən Fətəli xan Xoyski Tiflis şəhərinə gedir. Ancaq, iyulun 19-da muzdlu qatil tərəfindən qətlə yetirilir. Hal- hazırda onun məzarı Tiflisdə müsəlman qəbirstanlığındadır.

HƏSƏN BƏY AĞAYEV
(1875-1920 )

Dövrünün görkəmli siyasi və ictimai xadimi Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev 1875-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Gəncə klassik gimnaziyasında aldıqdan sonra Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Moskva Universitetinin tibb fakültəsində ali təhsil alır. 1901-ci ildə H. Ağayev Moskva Universitetini bitirir və Moskvadan vətənə dönür, həkimlik edir. İlk müsəlman sosial-demokrat təşkilatı «Hümməti»in üzvü olan H. Ağayev bu təş-kilatın göstərişi ilə müəllifi məlum olmayan «Mülksinif – firqə» adlı kitabı rus dilin-dən tərcümə edərək, 1906-cı ildə Tiflisdəki «Qeyrət» mətbəəsində çap etdirmişdir. Bu kitab Azərbaycan dilində inqilabi hərəkatla bağlı ilk əsərlərdən biridir. Elə buna görə də çar höküməti tərəfindən təqibə məruz qalan Həsən bəy 1906-1907-ci illərdə İrana mühacirət edərək, bir müddət Rəşt və Ərdəbil şəhərlərində yaşamışdır. Burada o, həkimliklə bərabər xalça da toxuyur, mətbuatda publisistik məqalələrlə çıxış edirdi.
1907-ci ildə doğma Gəncəyə qayıtdıqdan sonra Həsən bəy yenə də həkimlik fəaliyyətini davam etdirir. Bacarıqlı həkim-cərrah bütün biliyini, təcrübəsini Gəncə və Gəncəbasar əhalisinə, ələlxüsus kasıb təbəqəsinə əsirgəmirdi.
Həsən bəy Ağayev 1907-ci ildə keçirilən Qafqaz Müsəlman Müəllimləri Qurultayı Mərkəzi Komitəsinin sədri , 1911-1912-ci illərdə Gəncədə rus dilində çıxan «Yujnıy Qafqaz» qəzetinin redaktoru, Gəncədə müsəlmanlar arasında maarifi yayan cəmiyyətin sədri idi.
1914-cü ilin axırlarında Həsən bəy Ağayev və Xudadat bəy Rəfibəyli Gəncə şəhərində ilk tibb cəmiyəti - «Yelizavetpol tibb cəmiyəti»ni yaratdılar.Xudadat bəy cəmiyyətin sədri, Həsən bəy katibi, Peterburq universitetinin tibb fakültəsinin məzunu, gələcək Səhiyyə naziri, gəncəli Musa bəy Rəfiyev isə üzvü olurlar. Cəmiyyətin fəaliyyət göstərdiyi dövrdə əsas məqsəd geniş xalq kütlələrinə ixtisaslı tibb xidmətini daha da yaxşılaşdırmaq, kasıb və imkansız insanlara pulsuz tibb xidməti göstərmək idi. Çox təəsüf ki, Azərbaycan tibb tarixinə aid kitablarda bu cəmiyyətin fəaliyyəti haqqında geniş və ətraflı məlumat verilməmişdir. Tiflisdə çap olunmuş illik «Qafqaz kalendarı»nda (1916-cı il, səh. 831) bu cəmiyyət barədə qısa məlumat verilmişdir.
1917-ci ilin mart ayında Azərbaycan xalqının görkəmli siyasi-ictimai xadimi, AXC rəhbərlərindən biri Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə yaradılan Türk Ədəmi-Mərkəziyyət Partiyası Gəncədə fəaliyyətə başladı. “Azərbaycana muxta-riyyət” prinsipi ilə qəti mübarizə aparan bu partiyanın banilərindən biri də , Dəmir Yol İdarəsində baş həkim işləyən Həsən bəy Ağayev idi. 1917-ci ilin aprel ayında Bakıda çağrılan Qafqaz müsəlmanlarının qurultayında, may ayında isə Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında Həsən bəy muxtariyyət tələbi ilə çıxış edir. Həmin ilin sentyabr ayında Türk Ədəmi-Mərkəziyyət və Müsəlman Demokrat Müsavat partiyalarının birləşmiş qurultaylarında Həsən bəy Ağayev mərkəzi komitənin üzvü seçilir. Bu qurultaydan sonra “Azərbaycana muxtariyyət” şüarı altında geniş xalq hərəkatı başlayır. Nəhayət, 1918-ci il mayın 28-də Tiflisdə, Qafqaz canişininin iqamətgahında Azərbaycan Milli Şurası deputatlarının səsverməsindən sonra , Azərbaycanın müs-təqilliyini məhz Həsən bəy Ağayev elan edir. O, ömür boyu Xalq Cümhuriyyətinin boy atıb yüksəlməsi üçün əlindən gələni əsirgəmədi. Həsən bəy Ağayev 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılan ilk Azərbaycan Parlamentində sədr müavini seçilir. Sədr Əlimərdan bəy Topçubaşov Fransada olduğuna görə 1920-ci il fevralın 2-nə kimi sədri əvəz edir.
1920-ci il aprelin 28-də Cümhuriyyətin süqut etməsi ilə arzuları, ümidləri puç olmuş xalq fədailərinin hərəsi bir yana dağılır. Parlamentin son iclasında təhvil- təslim zamanı bolşeviklərdən xüsusi razılıq almışdır ki, «...sabit dövlət xadimləri, hökümət üzvlləri və millət vəkillərindən heç kəs siyasi cinayətdə ittiham edilməyəcək.» Ancaq buna heç kəs məhəl qoymadı. Elə ilk gündən millət fədailərini bir-bir aradan götürülməyə başladılar. Cumhuriyyətin liderlərindən İsmayıl xan Ziyadxanov Gəncədə öldürüldü. Xudadat bəy Rəfibəyli Gəncədə həbs olundu və Bakıya aparıldı. Onun aqibəti haqda hələ də dəqiq məlumat yoxdur. Nəsib bəy Yusifbəyli Yevlax-Kürdəmir yoldunda qətlə yetirilmişdi. Bütün bunları görən Həsən bəy məslək dostları ilə birlikdə Tiflisə getməyə məcbur oldu. Ancaq bu şəhərdə onları acı tale gözləyirdi. 1920-ci il iyun ayının 19-da Fətəli xan Xoyski namərd gölləsinin qurbanı olur. Həsən bəy yoldaşlarının məsləhəti ilə Türkiyəyə, İstanbul şəhərinə getməyi qərara alsa da, buna müvəffəq olmur. Fətəli xan Xoyskinin qətlindən düz bir ay sonra, iyul ayının 19-da Həsən bəy Ağayev də qətlə yetirildi.
Lakin bu millət fədailərini, azadlıq mücahidlərini adi insanlar kimi torpağa tapşırmaq mümkün deyildi. Qəbirlərinin yerini bilsəydilər bolşeviklər və ermənilər o məzarı da təhqir edib dağıdardılar. Sağlıqlarında özləri millətə mayak olan bu insanların məzarları da yurdsevənlərin müqəddəs ziyarətgahlarına çevrilə bilərdi. Dostları, Həsən bəyi də Fətəli xan kimi gizlin dəfn etdilər. Məzarları itməsin deyə, hər ikisini də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun məzarının yanında basdırdılar.
Həyat davam edirdi. Cümhuriyyətin səpdiyi toxum cücərdi, bar verdi. Aradan 70 il keçəndən sonra Azərbaycan yenidən öz milli müstəqilliyinə qovuşdu. Bu dəfə həmişəlik, əbədi olaraq!

XƏLİL BƏY XASMƏMMƏDOV
(1875-1945)

1973 – cü ildə Gəncədə doğulmuşdur. Siyasi və dövlət xadimi, Azərbaycan demokratik partiyası “Müsavat”ın əsas ideoloqlarından biri olmuşdur, orta təhsilini Gəncədə almışdır. 1895-ci ildə Moskva universitetinin hüquq fakültəsini bitirmişdir. 1985-1919-cu illərdə Yekaterinador və Elizavetepol qəzalarının məhkəmələ-rində işləmişdir. II və III çağırış Dövlət Dumasına deputat seçilmişdir. 1913-18-ci illərdə Elizavetepol şəhər bələdiyyə rəisi, Yelizavetepol qəza icraiyyə komitəsinin sədri olmuşdur. 1917-ci ildə Rusiyada fevral inqilabından sonra Zaqafqaziyada komissarlıq yaradıldıqda nəzarət komissarı, habelə Zaqafqaziya seyminin üzvü seçilmişdi. 1918-ci ilin mayında Azərbaycan Milli Şurasında icraiyyə komitəsinin tərkibində olmuşdu. O, Azərbaycan demokratik hökümətinin bütün beş kabi-netinin tərkibində ədliyyə, yollar, daxili işlər, təkrarən ədliyyə naziri, Azərbaycan parlamentinin üzvü olmuşdur.
1920-ci ilin aprelində Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov Azərbaycanın Türkiyədə səfiri təyin olunur. Azərbaycan demokratik respublikasının süqutundan və Azərbaycanda kommunist rejimi qurulduqdan sonra mühacir olaraq vətənə qayıtmadı. 1945-ci ildə (başqa bir məlumata görə 1938-ci ildə) Türkiyədə vəfat etmişdir. Bakıdakı hüquq kadrlarının təkmilləşdirmə institutu onun adını daşıyır.

ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ
(1893-1960)

Cümhuriyyətin Gəncə liderlərinin ən gənc, lakin çox fəal nümayəndəsi Şəfi bəy Mustafa oğlu Rüstəmbəyli idi. Şəfi bəy 1893-cü ildə Gəncədə (o vaxt Yelizavetpol) anadan olmuşdur. Gəncə gimnaziyasında orta təhsilini başa vurduqdan sonra, Kiyev universitetinin hüquq fakültəsinə daxil olur. Həmin illərdən başlayaraq siyasi fəaliyyətə, daha doğrusu millətinin hüquqları, Vətənini müstəqilliyi uğrunda mübarizəyə qoşulur. 1915-ci ildə Gəncəyə qayıdan Rüstəmbəyli şəhər məhkəməsində vəkil sifətilə işləməyə başlayır. 1917-ci ilin martında Azərbaycanın azadlıq mübarizəsinin lideri Nəsib bəy Yusifbəylinin yaratdığı Türk Ədəmi-Mərkəziyyət partiyasının ən aktiv üzvlərindən biri kimi fəaliyyət göstərir. Aprel ayında Bakıda, may ayında isə Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında fəal iştirak edir.
1917-ci ilin iyun ayında azadlıq mübarizlərinin bir araya gəlməsi nəticəsində Türk-Ədəmi-Mərkəziyyət Müsavat partiyası yaradıldı. Bu partiyanın 8 nəfərdın ibarət Mərkəzi Komitəsinin 4 üzvü-Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli və Məhəmməd Axundzadə Gəncədən seçildilər.
1918-ci ilin 28 may tarixində Azərbaycanın İstiqlal Bəyannaməsi imzalandı. 1918-ci ilin 14 sentyabr tarixində dahi Üzeyir bəyin rəhbərliyi ilə rus və azərbaycan dillərində «Azərbaycan» qəzetinin nəşrinə başlanılır. Azərbaycan dilində nəşr olunan qəzetin redaktoru Ceyhun bəy Hacıbəyli, rus dilində çapınınki isə Şəfi bəy Rüstəmbəyli seçilir. Qəzetin ilk 4 sayı Gəncədə nəşr olunur.
Nəsib bəy Yusifbəylinin təşkil etdiyi hökümətdə Şəfi bəy Rüstəmbəyli bir müddət Daxili İşlər nazirinin müavini vəzifəsində işləyir. 20-ci ilin aprel hadisə-lərindən sonra, Şəfi bəy mühacirətə getmək məcburiyyətində qalır. Ancaq, digər Cümhuriyyət liderləri kimi, onun da Azərbaycanda qalan doğmaları təqiblərə tuş gəlir. Hətta əldə olan məlumatlara görə, Şəfi bəyin atası Mustafa bəy dar ağacından asılır. Əbdülrəhman bəy Haqverdiyevin «Ağac kölgəsi» hekayəsində bu əhvalat təsvir edilmişdir. Mühacirət dövründə də Azərbaycanın azadlığı üçün çalışan Şəfi bəy Rüstəm- bəyli 1960-cı ildə Türkiyədə dünyasını dəyişmişdir.

İsmayıl xan Ziyadxanov
(1867-1920)

İctimai-siyasi və dövlət xadimi, Azərbaycan milli istiqlal hərəkatının gör-kəmli nümayəndəsi Ziyadxanov İsmayıl xan Əbülfət xan oğlu 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, Gəncənin Ziyadoğlular - Qacarlar nəslindəndir , Cavad xanın kötücəsidir. Gəncə gimnaziyasında oxumuş, Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi. Bir müddət Tiflisdə işləyib, sonra isə Gəncəyə gəlib dairə məhkəməsində prokuror müavini vəzifəsində çalışmışdır. Məhkəmə işləri-nin hərraca qoyulması, ana dilinin işlədilməməsi, milli hüquq, ünaslardan hakim təyin edilməməsi, köçürmə siyasəti, “müsəlman hümmətinə” etibarsızlıq, əsgəri mükəlləfiyyətdən məhrum etmə, ümumiyyətlə çar hökumətinin xalqı cəhalətdə saxlamaq məqsədini hər an hiss edən İsmayıl xan 1905 ildə erməni daşnaklarının törətdiyi dəhşətli soyqırımlarına məruz qalan azərbaycanlıların taleyinə məsuliyyət duyaraq siyasi fəaliyyətə qoşulmuşdur. 1906-cı ildə Qafqaz canişini yanında xüsusi yığıncağa azərbaycanlı nümayəndələr seçildi. Nümayəndəliyə namizədlər arasında Ziyadxanovun da adı var idi. Həmin il Yelizavetpol (Gəncə) quberniyasından I Dövlət Dumasının (1906) deputatı seçilmiş, dumanın müsəl-man fraksiyasının büro üzvü və Xalq Azadlıq Partiyasına mənsub olmuşdur. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini kəskin tənqid etmiş, təkcə Qafqazda deyil, Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxmış və etirazını bildirmişdi. Çoxunun qəflət yuxusunda yatdığı bir dövrdə-1906-cı, çarizmin işğalçı siyasətinin daha bir sıra incə mətləblərini məharətlə açıqlayan bu çıxış Rusiyanın mərkəzində bomba kimi partladı, hədə-qorxu, təhqir-təqib başlandı. Millət vəkili Gəncəyə qayıdan kimi həbs edildi. Dörd ay Şəki həbsxanasında yatası oldu.
Qəlbi azadlıq eşqi ilə çırpınan bir mübarizi susdurmaqmı olardı? İsmayıl xan Ziyadxanov 1907-ci il fevralın 27-də yeniden ikinci Dövlət Dumasına seçildi. Mübarizə davam edirdi.
1917-ci il fevral burjua inqilabından sonra azadlıq hərəkatı daha da genişləndi. Onda İsmayıl xan Ziyadxanov Gəncə şəhərində milis rəisi vəzifəsində çalışırdı. 1918-ci ilin mart hadisələri zamanı S. Şaumyanın göstərişi ilə quldur Stepan Lalayevin dəstələri Şamaxını talayanda kömək üçün Gəncəyə müraciət olundu. Xəbər gələn kimi İsmayıl xan Ziyadxanovun rəhbərliyi altında bir dəstə silahlı adam yola düşdü. Erməni quldur dəstələri darmadağın edildi. Stepan Lalayev əsir alınıb Gəncəyə gətirildi. İsmayıl xanın göstərişi ilə burada o, öz qanlı əməlinə layiq məşəqqətli surətdə edam olundu.
Azərbaycan Cümhuriyyətində İsmayıl xan Ziyadxanov bir müddət hərbi işlər üzrə dövlət müvəkkili vəzifəsində çalışdı. 1919-cu ildə isə o, qonşu İranla diplomatik əlaqələri qaydaya salmaq üçün Tehrana gedən hökümət nümayəndə heyətinə rəhbərlik etdi. Bolşeviklər hakimiyyətə gələndə Gəncədəydi, 53 yaşında istintaqsız, məhkəməsiz güllələndi.

Adil xan Ziyadxanov
(1877-1957)

Azərbaycan milli istiqlal hərəkatının görkəmli nümayəndəsi, ictimai-siyasi və dövlət xadimi Ziyadxanov Adil xan Əbülfət oğlu 1877-ci ildə Gəncədə anadan olmuşdur. Sonuncu Gəncə xanı Cavad xanın nəticəsi olan atası dövrünün maarif-pərvər ziyalılarından, anası İran şahzadəsi Bəhmən Mirzənin qızı idi. Adil xan Gəncə klassik gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini bitir-mişdir (1902). Bakıda vəkil, Gəncə dairə məhkəməsində və onun Şəkidəki şöbə-sində andçı müvəkkil vəzifəsində çalışmışdır. Adil xan 1905-ci ilin yazında Bakı və Gəncənin ali müsəlman təbəqəsinin nümayəndələri ilə yanaşı, Əlimərdan bəy Topçubaşov tərəfindən tərtib edilmiş və Nazirlər Komitəsinə təqdim olunmuş petisiyanı imzalamışdı. Adil xan 1905-ci ilin mayında Ə. Topçubaşov və Ə. Xas-məmmədovla birlikdə şəhərlərin idarə olunmasında müsəlmanların hüquqlarını məhdudlaşdıran qərarlar ləğv edilənədək şəhər dumalarına yeni seçkilərin dayandırılması barədə vəsadətləri müdafiə etmək üçün seçilmiş deputat heyətinə daxil olmuşdur. 1906-cı il fevralın 20-də azərbaycanlı və erməni Nümayəndələrinin Tiflisdə canişin şurasında keçirilən “barışdırıcı qurultayında “ Yelizavodpol qəzasını Ələkbər bəy Xasməmmədovla birgə Adil xan da təmsil etmişdir.
Fevral inqilabından (1917) sonra Gəncədə yaradılmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə komitəsinə seçilmiş 7 üzvdən biri də A. Ziyadxanov idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncədən Bakıya köçdükdən (1918, sentyabr) sonra A. Ziyadxanovun fəaliyyəti Azərbaycan Xalq Cümhu-riyyəti xarici işlər nazirliyi ilə bağlı olmuşdur. Xarici işlər naziri vəzifəsinin icraçısı kimi Türkiyə ilə Antanta dövlətləri arasında Mudros barışığına (1918) əsasən, Türkiyə qoşunlarının Azərbaycanı tərk etməli, müttəfiq dövlətlərin qüvvələri ölkəyə girməli olduğu mürəkkəb siyasi durumda fəaliyyətə başlayan Adil xan cərəyan edən hadisələrə dair məruzə hazırlamışdı.
Noyabrın 17-də daxili işlər naziri Behbud xan Cavanşirlə birlikdə general Tomsonu rəsmən qarşılamış Adil xan Azərbaycanın gələcək taleyinə məsuliyyəti ona çatdırmışdır. A.Ziyadxanov 1919-cu ilin yanvarında Britaniya qoşunlarının baş komandanı general Corc Milni də qəbul etmişdi. A.Ziyadxanov 1918-ci ilin axırlarında Gürcüstan və Ermənistan arasında müharibə vəziyyəti ilə əlaqədar olaraq həmin dövlətlərin xarici işlər nazirlərinə göndərdiyi notada Borçalı bölgəsinin azəri türklərinin yaşadığı torpaqlarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulamışdır.
Adil xan Ziyadxanov azadlıq yolundakı bütün xidmətləri ilə yanaşı ,ilk növbədə “Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat” adlı əsəri ilə tanınır. Onun bu əsəri geniş oxucu kütləsini ulu diyarımızın taleyi və onun yetirdiyi ölməz oğulları ilə yaxından tanış etmək sahəsində ilk addım kimi qiymətlidir. Əsər Azərbaycan və fransız dilində nəşr olunub, sonra fars dilinə çevrilib. Müəllifin təşəbbüsü ilə pulsuz olaraq dünyanın bir neçə ölkəsində yayılıb.
Adil xan böyük qardaşı İsmayıl xanın rəhbərlik etdiyi “Müdafiə” partiyasında fəaliyyət göstərib. Milli Müsəlman Şurasının üzvü olub. Rus, fransız, ingilis, fars dillərini mükəmməl bilirdi. O, bir müddət Azərbaycan Demokratik Respublikası Xarici İşlər Nazirinin müavini işləyib.
Azərbaycan Xalq Cümhuriyyətinin İranda diplomatik nümayəndəsi təyin edilən A. Ziyadxanov 1920-ci ilin yanvarında başçılıq etdiyi missiya ilə Tehrana yola düşmüşdür. İran azərbaycanlılarının hüquqlarının müdafiəsinə , onların mədəni-maarif işlərinə kömək göstərmişdir.
1920-ci il aprel çevrilişindən sonra 1921-ci il iyunun 23-də rəsmi nümayən-də statusunu itirən Adil xan 1924-cü ildən İranın müxtəlif idarə və nazirliklərində çalışmış, 1934-cü ildə İstanbula köçmüş və İstanbul Universitetində 12 il müəllimlik etmişdir. 1957-ci il dekabrın 14-də səksən yaşında vətən həsrəti ilə dünyasını dəyişmişdir.

Xudadat bəy Rəfibəyli
(1878-1920)

Azərbaycan Demokratik Respublikasının ilk hökumətinin yaradıcılarından biri Xudadat bəy Rəfibəyli 1877-ci ildə Gəncədə Ələkbər bəyin ailəsində dünyaya göz açmışdır Ailənin bu övladının qismətinə cəmi 43 il ömür payı düşdü. Xudadat bəy öz ömür payını ləyaqətlə yaşadı. Orta təhsilini Gəncə klassik gimnaziyasında başa çatdırdıqdan sonra,1898-ci ildə Xarkov Tibb Universitetinin cərrahlıq şöbəsinə daxil olur. 1903-cü ildə universiteti bitirən Xudadat bəy Xarkov universiteti hospital klinikasının cərrahiyyə şöbəsinə ştatdankənar ordinator vəzifəsinə təyin olunur. Burada 3 il təctübə topladıqdan sonra doğma Gəncəyə qayıdır. Hələ Xarkovda işləyərkən Xudadat bəy Mirzə bəyin qızı Cəvahir xanımla evlənmişdi və bu nigahdan gələcəkdə onların üç övladı – Kamil, Rəşid və Azərbaycan xalqının sevimli şairəsi Nigar dünyaya gələcəkdi.
Gəncəyə qayıdan gənc həkim qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol şəhər xəstəxanasına direktor vəzifəsinə təyin edilir. Və elə həmin gündən də əməlləriylə düşüncələrdə əbədiləşəcək alicənab surətini yaratmağa başlayır. Gəncədə neçə qocanın onları Xudadat bəyin pulsuz – parasız müalicə etməsi, üstəlik bəzilərinə dərman pulu da qoyub getməsi haqda xatirələri yaddan çıxmır.
Biliyə-oxumağa aşiq olan bu insan 1912-1913-cü illərdə Sankt-Peterburqa gedir, yarım il Knyagina Yelena Petrovna adına İmperator Klinik İnstitunda məşhur professorların apardığı 12 ixtisas kursunu dinləyir.
Xudadat bəyin işə can yandırmasını, işinin keyfiyyətini, əlbəttə ki, yalnız camaat yox, hökümət də görür. Vaxtaşırı rütbəsi artırılır, təltiflərə layiq görülür. Atası Ələkbər bəy kimi o da, dövlət qulluğunda pillə-pillə yüksəlir, əvvəlcə titulyar müşavir (1909), kollej assesoru (1910), saray müşaviri (1912) təyin edilir. 1915-ci ildə kollej müşaviri rütbəsinə irəli çəkilir. 1909-cu ildə o, 3 illik müddətə Yelizavetpol Mahal Məhkəməsində fəxri barışıq hakimi – mirovoy sudya – təyin edilir, 1912-ci ildə isə daha 3 illiyə bu vəzifəyə təsdiq edilir.
1914-cü ildə Xudadat bəy həmyerlisi, Moskvada universitetin tibb fakültəsini bitirmiş, sonralar faktiki olarak Azərbaycan Parlamentində sədrlik edəcək Həsən bəy Ağayevlə birgə «Yelizavetpol tibb cəmiyyəti»ni yaradır. 1917-ci ilin martında Gəncədə yaranmış Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, heç bir partiyanın , yaxud qrupun üzvü olmamış, ömrünün sonuna qədər bitərəf qalmışdı. Bununla belə, baş verən ictimai-siyasi hadisələrdən kənarda qalmamış, azadlıq və istiqlal ideyası onu həmişə düşünmüşdü.
1918-ci il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil edilmiş AXC-nin 2-ci hökumət kabinəsində Xudadat bəy Rəfibəyli xalq səhiyyəsi və himayədarlıq naziri təyin olunmuşdu. Cümhuriyyət Bakıya köçdükdən sonra Səhiyyə Nazirliyi müstəqil nazirliyə çevrilmiş və Xudadat bəy yenə də nazir vəzifəsinə təyin edilmişdi. 1918-ci ilin dekabrında F. X. Xoyski hökuməti istefa verdikdə, Xudadat bəy xalq səhiyyəsi naziri vəzifəsini tərk etdi.
Xudadat bəy Rəfibəylinin ədalətli, nəcib adam olduğunu, habelə yüksək peşəkarlığını, bölgədə böyük nüfuzunu görən Azərbaycan hökuməti 1919-cu ilin mayında onu Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin etdi. O, ilk gündən Gəncə quberniyası ərazisində daşnak qulduru Andronikin başçılıq etdiyi erməni-daşnak silahlı dəstələrinin qarşısını almaq üçün qətiyyətlə mübarizə aparmağa başladı. Nəticədə, quberniya quldur dəstələrindən təmizlənmiş, erməni terrorçuları zərərsizləşdirilmiş, əmin-amanlıq xeyli möhkəmləndirilmişdi. O zaman Xudadat bəy Rəfibəyli erməni vəhşilikləri nəticəsində doğma yurd-yuvalarından-Qərbi Azərbaycandan qovulmuş 20 mindən çox soydaşımızı Gəncə mahalında yerləşdirmək, onlara ilkin yardım göstərmək, ərzaq məhsulları ilə təmin etmək, yaralılara və xəstələrə tibbi xidmət göstərmək sahəsində gərgin fəaliyyət göstərmişdi.
Aprel işğalından (1920) sonra Rəfibəyli aprelin 30-da bolşeviklərin qubernatoru kimi səlahiyyəti öz üzərindən götürdü. Hakimiyyəti yeni yaranmış inqilab komitəsinə təhvil verdi. Mayın 12-də Rəfibəyli həbs olundu və ona qarşı bir neşə ittiham irəli sürüldü. Əsas ittiham ermənilərin yazdığı danoslara əsaslandı. Bolşeviklər onu erməni kəndlərinin yaradılması, quberniyanın erməni sakinlərinin sıxışdırılması ittihamı ilə Nargin adasında güllələdilər. Rəfibəylinin arvadı Cəvahir xanım kiçik yaşlı 3 uşaqla birlikdə taleyin ümidinə qaldı: ataları qətlə yetirilərkən Kamilin 11, Rəşidin 9, Nigarın isə 7 yaşı vardı. 1930 ilin oktyabrında Gəncə Şəhər Soveti Rəyasət Heyəti X. Rəfibəylinin arvadı Cəvahir xanımın ailəsi ilə birlikdə, əmlakı müsadirə olunmaqla keçmiş Gəncə dairəsi hüdudlarından çıxarılması (sürgün edilməsi) haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikası Prokurorluğunun 1990 il 2 iyul tarixli qərarı ilə Xudadat bəy Rəfibəyli barəsində cinayət işinə cinayət hadisəsi tərkibi olmadığına görə xitam verildi.

ASLAN BƏY SƏFİKÜRDSKİ
(1881 - 1937)

Aslan bəy Səfikürdski 1881-ci ildə Gəncə (o vaxt Yelizavetpol) qəzasının Səfikürd (Safyurd) kəndində dünyaya gəlmişdir. 1901-ci ildə Gəncə klassik gimnaziyasında orta təhsil aldıqdan sonra, Xarkovda universtitetin hüquq fakültəsinə daxil olur. 1902-ci ildən təhsilini Peterburqdakı universtitetdə davam etdirir. 1907-1911-ci illərdə Gəncənin ədliyyə orqanlarında andlı müvəkkil köməkçisi vəzifəsində işləyir. Həmin dövrdə Aslan bəy və qardaşı Ağalar bəy Səfikürdskilər Gəncənin bir çox mütərəqqi fikirli ziyalılarının cəmlədiyi Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin həqiqi və ən fəal üzvlərindən idilər. 1911-1917-ci illərdə Aslan bəy Şuşa qəzasında əvvəlcə şəhər dumasında iclasçı, sonra isə andlı müvəkkil vəzifələrində çalışır. Bir hüquqşünas kimi milli məsələlər, milli münasibətlər problemi ilə ciddi maraqlanmağa başlayan Aslan bəy Səfikürdski, 1915-ci ildə Kiyevdə professor Boduen-de Kurtilinin rəhbərliyi altında keçirilən Rusiyanın qeyri-rus millətlərinin qurultayında Azərbaycanın rəsmi nümayəndəsi kimi iştirak edir. 1917-ci ildə Gəncədə real qüvvəyə çevrilən Gəncə Milli Şurasının üzvü olur. O, həm də 1918-ci il fevralın 12-də təsis edilən Zaqafqaziya Seymində təmsil olunan 44 nəfərdən ibarət müsəlman fraksiyasının fəal üzvlərindən biri idi.
1919-cu ilin martında Xoyskinin sədrlik etdiyi hökümət istefa verdi. Nəsib bəy Yusifbəylinin təşkil etdiyi yeni kabinetdə Səfikürdski Ədliyyə və Əmək naziri vəzifəsinə təyin edildi. Ədliyyə nazirliyinin işində böyük islahatlar aparılmasına müvəffəq oldu. Onun təşəbbüsü və rəhbərliyi ilə hüquq elmi üzrə Azərbaycanda ilk mükəmməl kitabxana yaradıldı.
1920-ci il 27 aprel tarixində AXC-nin bolşeviklərlə danışıqlar aparan nüma-yəndə heyətinin tərkibində Aslan bəy də var idi. İxtisaslı kadrlara ehtiyacı olan bolşevik höküməti, Səfikürdskini Azərbaycan SSR Xalq Ədliyyə komissarlığında kollegiya üzvü kimi fəaliyyət göstərməyə dəvət edir. Aslan bəy təklifi qəbul edərək, işə başladı. Lakin bu uzun sürmədi. 1922-ci ildə o, müxtəlif bəhanələrlə həbs edildi. 3 illik məhbus həyatı yaşadıqdan sonra, ömrünün sonunadək “Azneft” birliyində hüquq işləri üzrə məsləhətçi vəzifəsində işləyən Aslan bəy 1937-ci ildə vəfat etmişdir. Yaxın qohumlarının söylədiyinə görə, “NKVD” – nin qorxusundan, Bakıda heç kim onun cənazəsini dəfn etməyə cəsarət etmədi. Nəhayət, Səfikürd kəndinə xəbər göndərilir və oradan vaxtilə atası Ağalar bəyə sadiq olan adamlar gəlib Aslan bəyin cənazəsini dəfn ediblər. Ancaq, məzarının yerinin gizli saxlanması barədə həmin insanların dilindən iltizam alındığı üçün Aslan bəy Səfikürdskinin məzarının yeri indiyəcən məlum deyil.
 
 
Untitled Document




Virtual sifariş
Sifarişlərin sayi: 861



Baxılıb:
??????? ?????????

free counters
     
Untitled Document
  Untitled Document

© 2007 Gəncə şəhər Mərkəzi Kitabxanası
Tərtibatçı: Ramil Ismayılov Dizayn: Sevda Baxşıyeva