Novruz bayramı təntənəli şəkildə qeyd ediləcək
Bu il Novruz bayramı münasibətilə Gəncədə bayram şənlikləri təşkil olunacaq. Bayram üçün Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə nəhəng paxlava hazırlanır.
Artıq 12 mart tarixindən şəhər sakinləri Gəncənin mərkəzi meydanında, içərisində nəhəng paxlavanın hazırlanma işlərinin aparıldığı çadırı böyük maraqla izləyirilər.
O, qeyd etdi ki, nəhəng Gəncə paxlavası artıq MDB məkanında rekordu vurub. Paxlavanın uzunluğu 15 metr, eni 6 metr cəkisi 6 ton. Həmçinin meydanda, nəhəng paxlavanın yaxınlığında səməni də qoyulacaq. Həmin gün meydanda quraşdırılmış bayram çadırlarında milli nağılların personajları ilə də qarşılaşmaq olacaq.
Bu əziz bayram ərəfəsində hər bir azərbaycanlı, çalışır ki, bu bayramı layiqincə qarşılasın, o cümlədən kitabxanada öz tədbirlər planımızda Novruza xüsusi yer ayırıb. Oxu zalı Novruz çələngi başlığında kitab sərgisi , 2 saylı filialda Elimizin əziz bayramı, 6 saylı filialda Baharım yazım mənim, 10 saylı filialda Novruz sevincləri, 11 saylı filialda Novruz gəlir, yaz gəlir, başlıqlarında müsiqili ədəbi bədii gecələr , 12 saylı filialda Yurdumuza bahar gəlir, yaz gəlir şeir gecəsi , 14 saylı filialda isə Səməni saxla məni adlı səhərcik keciriləcək. Hər bir ölkə vətəndaşına, onların ailələrinə bir daha səadət, firavanlıq, cansağlığı arzu edirik və uğurlar diləyirik !
Bayramlar Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.
Novruz, novruz bahara,
Güllər, güllər nübara,
Bağçamızda gül olsun,
Gül olsun bülbül olsun,
Bahar gəldi, Bahar gəldi, Xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.
Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. .. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar:
Novruz deyimləri
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.
Xalqın adətinə görə bayram günü süfrə dolu olmalı, qız-gəlin təzə yaylıq, çəkmə geyməliydir, evlərdə hanalar qoyular, bayram xalçaları toxuyardılar.
Novruz bayramının Novruz süfrəsi, Novruz xonçası var. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirnilər bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və s. aiddir.
Bayram süfrəsində adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və s, çərəzlər olur. Bəzən axır çərşənbə həm də yeddiləvin gecəsi adlanır. Bu zaman süfrədə yeddi növ çərəz olmalıdır.
Çox vaxt yeddi sin süfrəsi də açılır. Yeddi sin süfrəsi sin s hərfi ilə başlayan sirkə (dad və zövqə işarədir), sarımsaq (sağlamlıq), səbzə(ümid), sumax (bərəkət), sikkə (varlıq), saat( uzun ömür) və su (aydınlıq) deməkdir. Süfrənin ortasında qırağı şamlarla bəzədilmiş səməni qoyulur.
Səməni, saxla məni,
İldə göyərdərəm səni
Səməni sazana gəlmişəm
Uzana-uzana gəlmişəm
Azərbaycanda lap qədimlərdən novruz şənliklərində Sayaçı, Yuğlama, Yel baba, Cütçü şumu, Kəvkəs, Kosa-kosa, Qaravəlli və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə Kəndirbaz, Masqara, tamaşaları hazırlanır.
Bu oyunların içərisində ən geniş yayılmışı Kosa-kosa oyunudur. Cavanlar bir yerə toplaşıb, zirək, hazırcavab bir oğlana dəri kürkü tərsinə geydirib. Başına uzun motal papaq taxıb aşağıdakı mahnını oxuya-oxuya gəzirlər:
A kosa-kosa, gəlsənə,
Gəlib salam versənə
Çömçəni doldursana
Kosanı yola salsana
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər
Yığar bayram xonçasın
Hər yerdə düyün eylər.
Bayram şənliyində keçirilən bu oyunlar özünəməxsus yer tutur. Novruz bayramının çərşənbələrində həyətlərdə tongal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır. Odun üstündən hoppananlar nəğmələrdə oxuyarlar.
Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.
Yaxud:
Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.
Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.
Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.
Onların qurşaqlarına qovurqa, boyanmış yumurta, alma, armud, ərik, qavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar. Azərbaycanın böyük şairi Şəhriyar da " Heydərbabaya salam" əsərində bu qurşaq sallamadan danışıb:
Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydaydı şal sallamaq,
Bəy şalına bayrampayı bağlamaq.
Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın.
Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.