MAKEYEV   IQOR    VLADIMIROVIÇ

 

27 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. 1987-ci ildə Kəpəz rayon 39 saylı orta məktəbin səkkizinci sinfini bitirmiş, 1987-1990-cı illərdə 8 saylı texniki -peşə məktəbində avtomobil çilingəri vəzifəsinə yiyələnib. Sonra o, Rusiyanın Rostov vilayətinə göndərilir, 6 ay çavuş məktəbində təhsil alır. Yenidən İqor Bakıya gələrək, DİN-nin qoşun hissələrinin birinə yazılır. Həyatını cəbhəyə bağlayır. Cəsur döyüşçü kimi tez bir zamanda bütün silahlardan istifadə etməyi bacarır. 1992-ci il 5 iyunda erməni quldurları Naxçıvanik kəndinə qəflətən hücuma keçir, burada İqor qurduğu postu möhkəmləndirir. Ağdam, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərir. 2 avqust 1992-ci ildə "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak oldu.

 

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Makeyev İqor Vladimiroviçə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Sadıllı qəsəbəsində adına küçə var.