QULIYEV MƏDƏT QƏZƏNFƏR OĞLU

 

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, general-mayor Mədət Qəzənfər oğlu Quliyev 1958-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir.

Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparmışdır. 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2010-cu illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə cinayətkarlıqla mübarizədə xüsusilə fərqləndiyinə görə Dövlətin ən ali mükafatı, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 14.02.2011-ci il tarixli Sərəncamı ilə
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilmişdir.
Ailəlidir. İki övladı var.