Şəhərin adının mənşəyi
 
 
 
 

«Gəncə» adının nədən başlanması, hansı anlamı bildirməsi haqda elmi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur. Araşdırıcılardan bir qrupu onun pəhləvi (parfiya) sözü olan «gəncə», yəni «xəzinə», bir qismi geniş, böyük mənasına gələn «gencə» ifadələri ilə, digərləri isə əsgi türk tayfaları hunlar və gəncəklərin adı ilə bağlı olması versiyalarını irəli sürürlər. Gəncənin tarixi və etnoqrafiyası haqda geniş tədqiqatlar aparmış gənc alim, tarix elmləri namizədi, dünyadan vaxtsız köcmüş Fərrux Əhmədov özünün «Gəncənin tarix yaddaşı» (Bakı, «Şirvannəşr», 1998) əsərində qədim şəhərin adının türk mənşəli olduğunu əsaslandıraraq diqqətəlayiq bir mülahizə ilə çıxış edir: «… Qaynaqlar inamla Kürboyu vilayətlərdə türklərin hökmranlığından xəbər verirlərsə, təbii ki, bu tayfaların hakiminin – xanının (xaqanının, kaqanının) iqamətgahı, baş kəndi olmamış deyildi. Və bu iqamətgahın məhz Gəncə olmasını inkar etmək üçün heç bir əsas yoxdur. Hesab edirik ki, əski çağlarda şəhər Gəncə yox, Qança (və ya Kançə) adlandırılmışdır (bax: İbn Xordadbek «Kniqa putey i stran» – kommentarii, issledovaniye, ukazateli i kartı Naili Velixanovoy, Baku, 1986, s. 78, 226). Bu sözün ilk komponenti «qan», «kan», «kaan», «xan» türk dillərində hakim, sərkərdə, başçı deməkdir. Sözün ikinci hissəsi olan – ca (-cə, -ça, -çə) tarixi Azərbaycanın ərazisində çox geniş yılmaqla məkan, yer, yurd bildirir. Belə qənaətə gəlmək olar ki, «Gəncə», «Qanca», «Kancə» sözləri «xan yeri», «xan məkanı»,«xan yurdu», «xanın, xaqanın oturduğu yer» anlamını verir. Maraqlıdır ki, XX əsrin əvvəlinə kimi «Qanja» və «Xan yurt» adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı».

GƏNCƏ BU GÜN

Gəncə Azərbaycanın şimal-qərbində yerləşən şəhər. Ərazisi – 107 kv. km, əhalisi – 303 min nəfər (2006-cı il). Gəncə qonaqpərvərlik timsalıdır. Bu şəhər Gəncəbasar reqionunu mərkəzi olmaqla yanaşı, mənəvi paytaxtıdır. Şəhər iki inzibati vahidə: Kəpəz (ərazisi 55 kv. km) və Nizami (ərazisi 42 kv. km) rayonlarına bölünmüşdür. Eyni adlı iki bələdiyyə mövcuddur. İnsani və iqtisadi resurslar baxımından respublikanın ikinci şəhəridir. Şəhərdə istehsal edilən sənae məhsullarının ümumi həcminin çox hissəsi əlvan metallurqiya, yüngül və yeyinti sənayesi müəssisələrinin payına düşür. Gəncə şəhəri Şəmkir, Xanlar, Samux, Daşkəsən və Goranboy rayonları ilə qonşudur.

Tarixi əsaslar

Keçmiş və müasir tariximizin ən möhtəşəm maddi və mənəvi məkanlarından biri, Azərbaycan milli ruhunun aynası olan Gəncə şəhərinin böyük coşqu ilə keçirilmiş bu yubiley şənliklərinə on minlərlə insan qatıldı. Tədbirlərdə yüzlərlə qonağın, respublikamızın tanınmış incəsənət ustalarının iştirakı da qədim şəhərimizin iki minillik və beş yüzillik bundan öncəki çağlara gedib çıxan ad gününü ümumxalq bayramı səviyyəsinə qaldırıldığının göstəricisi idi. Şübhəsiz, bu söylənilənlərin həyata keçirilməsi,yaşadığımız dövrün reallıqlarına uyğun olaraq, ilk növbədə şəhərin birinci şəxsinin təşəbbüsləri ilə bağlıdır. Gəncənin qədim tarixə malik olması faktının təsdiqinin Azərbaycan dövlətçiliyi və ideoloji məsələlər baxımından hansı əhəmiyyəti kəsb etməsinin sübuta ehtiyyacı yoxdur. Bu mənada, sözügedən tarixin mətbuatda daha ətraflı izahına, onun necə deyərlər, «informasiya dəstəyi»nə ciddi yanaşılmalıdır. Biz də bu məqsədlə tariximizin ən əski çağlarına ekskurs etməyi gərəkli saydıq. Onu da qeyd edək ki, dünyanın Roma, Afina, Kiyev, Sankt Peterburq, Moskva və s. kimi bir sıra iri şəhərlərin salınması hansısa dövlət, imperiya, eləcə də şəxsiyyətlərlə bağlı olduğundan, onların dəqiq tarixi məlumdur. Bu baxımdan, əlbəttə ki, şərq, xüsusən də Azərbaycan şəhərlərinin o qədər də «bəxti gətirməmişdir» və onların əksəriyyəti ilk növbədə öz coğrafi-iqlim şəraitlərinə görə formalaşmış, daha sonralar müəyyən təkamül dövrünü keçərək, bölgədəki necə deyərlər, tarixi-siyasi həyatda iz qoymuşlar. Bununla belə, bir çox mənbələrdə Gəncənin yaşayış məskəni kimi ən qədim dövrlərdə frmalaşmasından bəhs olunur. M.M.Altman «İstoriçeskiy oçerk qoroda Qyandji» əsərində qeyd edir ki, Gəncədə arxeoloji qazıntılar zamanı tapılan bir çox qəbirlər, kurqanlar, qara gildən düzəldilmiş əşyalar, bürünc qılınclar, oxlar, bilərziklər, muncuqlar və s. buralarda qədimdən yaşayış olduğunu sübut edir (bax: Göstərilən əsər,Bakı 1949, səh 6). Lakin, müəllif Gəncənin minillikləri aşan tarixindən bəhs edən mənbələrə müraciət etsə də, onları elmi cəhətdən ümumiləşdirməyib. Və bu hal, yəni Gəncənin tarixinin konseptual baxımdan işlənilməməsi elmimizdə «ağ ləkə» kimi xeyli müddət qalmaqda idi. Mübaliğəsiz demək olar ki, bu sahədə boşluğu gənc alim, tarix elmləri namizədi, dünyadan vaxtsız köçmüş Fərrux Əhmədovun tədqiqatları doldurmağa başladı. Onun, elmimizin korifeyi, akademik Ziya Bünyadovun birbaşa tövsiyələri ilə işlədiyi, 1998-ci ildə «Şirvannəşr»-də çapdan çıxmış «Gəncənin tarix yaddaşı (tarixi-etnoqrafik araşdırma)» kitabını qədim şəhərimizin ensiklopediyası adlandırsaq,yanılmarıq. Çoxu arxiv materialları olmaqla, minə yaxın mənbəyə istinad edilərək işlənmiş bu elmi əsərdə oxucuya Gəncənin yaşı və onun adının mənşəyi, şəhərin tarixi ərazi yerdəyişmələri, əhalisi və buradakı demoqrafik proseslər, şəhərsalma quruluşunun xüsusiyyətləri, eləcə də Gəncənin qala, meydan və məhəllələri haqda müfəssəl bilgilər verilir. Elə biz də sözügedən mövzuda qarşıdakı mülahizələrimizdə bu mötəbər mənbəyə istinad edəcəyik. Çünki dediyimiz kimi, bu kitab xeyli tarixi qaynaqları ümumiləşdirərək, məntiq süzgəcindən keçirilməsi ilə ərsəyə gəlib. Tarixi mənbələr Gəncənin hələ Makedoniyalı İsgəndər dövrünəcən , yəni miladdan öncə IV əsrə qədər mövcud olduğu haqda bilgilər verirlər. Bu fakt Azərbaycan SSR Ensklopediyasında da qeyd olunub. F. Əhmədov sözügedən əsərində şəhərin göstərilən dövrdən də qədimdə salındığını əsaslandırır. Müəllif Gəncənin yaşına dair onlarla erkən, orta, yaxın və müasir çağlara aid mənbələrdən sitatlar gətirir. O, həmçinin Rusiya işğalıdan sonra Azərbaycan şəhərlərin tədqiqi ilə məşğul olmuş rus mütəxəssislərinin yazdıqlarına (onlar təbii ki, əski, təssüf ki, indiki zəmanəmizə çatmayan qaynaqlara əsaslanıblar) da müraciət edir: «Köhnə Gəncə hələ Makedoniyalı İsgəndərə qədər mövgud idi. Şəhərin gözəlliyi, burada ticarətin geniş inkişafı, onun təbiətinin zənginliyi qonşularının paxıllığına səbəb olurdu. Bərdə hakimi Nüşabə qızğın döyüşlərdən sonra şəhəri bac verməyə məcbur etmişdi» (Lazarev L. «Qyandja». Sbornik qazeti «Kavkaz» za vtoroe poluqodie 1846 qoda, Tiflis 1847,s.192-193). «Bərdə yaxınlığında Gəncə adlı daha bir şəhər çiçəklənirdi. Fələyin dönük günlərində onlar bir-birini əvəz edirdilər. Onların hər ikisinin yaranışı eyni olmalıdır»(Şopen İ. «Novıe zametki ov istorii Kavkaza i eqo obitateley» S.Peterburq 1866.s.486). «Gəncə Bərdə və Beyləqandan daha qədimdir» (Qaqemeyster Y.A. «Novıe oçerki Zakafkazya» S.Peterburq 1848.s.87) Sonra F. Əhmədov bəzi tarixçilərin, o cümlədən görkəmli ictimai siyasi xadim Abbasqulu Ağa Bakıxanovun da öz «Gülüstani İrəm» əsərində toxunduğu Əhəməni şahı II Keyxosrovun (Kirin) Gəncə qalası yaxınlığında məğlub edilməsi məsələsini araşdırır. O, həmçinin yazır: «Mənbələr Kirin məhz Qafqazda (Albaniyada, Kür boyunda) massagetlərə və onların məliykəsi Tomrisə qarşı müharibə açdığını yazırlar. Herodotun verdiyi bilgiyə görə, «Kirus Arazı keçib, Kür çayına çatır. Burada dar bir dərəyə soxulur (yada salın,güney Gəncəbasarın Dar dərə kəndini –F.Ə.).Məlikə Tomris öz azsaylı qoşunu ilə məharətlə Kirin fateh qoşununu tələyə salıb məhv edir, Kiri qətlə yetirir». Müəllif Kür çayının qədim yatağının indikindən cənubdan, müasir Gəncə yaxınlığından axması və onun dağıdıcı zəlzələlər nəticəsində yatağını dəyişməsi haqda geoloq alimlərin fikirlərini (bax: Az.Res.MDTA.f.14,s.1,iş 13, vərəqlər 16, 31) xatırlatdıqdan sonra miladdan öncə 530-cu ildə baş vermiş sözügedən döyüşün məhz Gəncə qalası yaxınlığında olması versiyasını irəli sürür. Patriarxal-quldarlıq quruluşu dövründə iri yaşayış məntəqələrinin yaranması və müəyyən inkişaf səviyyəsinə çatması üçün zəruri zaman kəsiyini də bu tarixə əlavə etmək lazım gəldiyini bildirən müəllif, Gəncənin yaşının hətta ümumən 2700 il olduğu qənaətinə gəlir. F.Əhmədov Gəncənin adının etimologiyası məsələsini araşdırarakən bu qədim şəhərin adının türk mənşəlli olduğunu əsaslandıraraq, diqqətəlayiq bir mülahizə ilə çıxış edir: «Qaynaqlar inamla Kürboyu vilayətlərdə türklərin hökmranlığından xəbər verirlərsə, təbii ki, bu tayfaların hakiminin –xanının (xaqanının, kaqanının) iqamətgahı, baş kəndi olmamış deyildi. Və bu iqamətgahın məhz Gəncə olmasını inkar etmək üçün heç bir əsas yoxdur. Hesab edirik ki, əski çağlarda şəhər «Gəncə» yox, «Qanca» (və ya «Kancə») adlandırılmışdır. (bax: İbn Xordadbek «Kniqa putey i stran»--kommentarii, issledovaniya, ukazateli i kartı Naili Velixanovoy,Baku,1986,s.78,226)».Bu sözün ilk komponenti «qan», «kaan», «xan» türk dillərində hakim sərkərdə, başçı deməkdir. Sözün ikinci hissəsi olan –ca,-ça (çə, cə) tarixi Azərbaycanın ərazisində çox geniş yayılmaqla məkan, yer, yurd bildirir. Belə qənaətə gəlmək olar ki, «Gəncə», «Qanca», «Kancə» sözləri «xan yeri», «xan məkanı», «xan yurdu», «xanın, xaqanın oturduğu yer, onun baş iqamətgahı» anlamını verir. Maraqlıdır ki, XX əsrin əvvəlinə kimi «Qanja» və «Xan yurt» adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı». Burada bir faktı qeyd etmək yerinə düşər.M.M.Altmanın yuxarıda gösmtərdiyimiz əsərindəki, fikirimizcə, çox maraqlı olan bu cümlələrə diqqət edin: «Cənubi Azərbaycanda da «Gəncə» adlı qədim mərkəz var idi. Hətta Təbrizə də hərdən «Gəncə» deyirdilər». Bu, «Gəncə» ifadəsinin baş iqamətgah, paytaxt mənası daşıdığı haqda F.Əhmədovun versiyasını bir daha təsdiq etmiş olur. Bütün bu göstərilənlər Gəncəmizin ən azı 2500 il yaşı olduğunu qəbul etməyə və onun yubileyini əminliklə keçirməyə mənəvi əsas verən faktlardandır. Gəncənin qədim tarixinə bir qəzet materialının imkanları çərçrivəsində nəzər saldıqdan sonra məlum bir həqiqəti xatırlatmalıyıq: hadisələr o vaxt tarixi fakt statusu qazanır ki, o, yalnız elmi əsər və populyar nəşrlərdə deyil, dərsliklərdə də yer almış olsun. Zakir Murad